Ədəbiyyat – Tədris və Metodika bloquna xoş gəlmisiniz!
Bloqda Soltan Hüseynoğlunun elmi yaradıcılığı barədə material və məlumatlar əks olunmuşdur.
Elektron resursda başlıca yeri ədəbiyyatın məktəbdə öyrədiməsi problemlərinin şərhi tutur. Bu isə ümumtəhsil məktəblərində çalışan müəllimlər, eləcə də magistr və tələbələr üçün önəmli sahədir.

Pedaqoji elmlər sürətlə inkişaf edir, təhsilverənlər az qala hər gün yeni bir təlimi yanaşma, yeni texnologiya, fərqli təlim metodu və s. barədə eşidirlər. Bu yenilikləri izləmək və və dərhal qavramaq elə də asan olmur. Yenilikləri əks etdirən mənbələrdə fərqli, bir çox hallarda ziddiyyətli fikirlərə geniş yer verilir. Bunları başqaları ilə bölüşmək, diskussiya aparmaq istəyi təhsil işçisi üçün qaçılmaz olub. Bloqun bir məqsədi də məhz bu yeniliklərlə bağlı oxucularla bölüşmək, qarşılıqlı zənginləşməyə nail olmaqdır. Təhsilimizdə, məktəblərimizdə isə problemlər çoxdur, onların aradan qaldırılması üçün birgə fəaliyyətə, əməkdaşlığa bu gün ciddi ehtiyac vardır. Bloq vasitəsilə oxucularla yaradılan əlaqə bir çox məsələlər üzrə əsaslandırılmış nəticə çıxarmağımıza imkan yarada bilər.
Məsələn:
- yeni təhsil proqramında (kurikulumda) hansı məzmunda təkmilləşdirmənin aparılması məqsədəuyğundur;
- yeni nəsil ədəbiyyat dərslikləri necə olmalıdır;
- məktəbdaxili qiymətləndirmənin qüsurları hansılardır, onları necə aradan qaldırmaq mümkündür;
- yeni texnologiyaların, xüsusən fəal/interaktiv təlimin məktəbə geniş yol tapması üçün nə etmək lazımdır və s.
Bloqdakı materiallarda bir sıra suallara cavab tapılsa da, bu, qətiyyən kifayət deyildir. Sürətlə artan yeniliklərə yeni mövqedən münasibət bildirilməsi həmişə vacibdir.